9 Fevral, 2022

“INNOLAND”in rezidenti olan “Nextsale” startapı ABŞ şirkəti tərəfindən satın alınıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
 
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi Məmməd Kərim, ali təhsil müəssisələrinin rektorları,   “Nextsale” startapının təsisçisi  Orxan Hacıyev, texnologiya və İT sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri, startapçılar  və digər şəxslər iştirak ediblər.
 
“Nextsale” startapı barədə təqdimat zamanı ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirilib.
 
Qeyd olunub ki, şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi (sosial sübut -  social proof)  başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib. Belə ki, “Nextsale” sayta daxil olan ziyarətçilərin adını, elektron ünvanını, mobil nömrəsini və s. marketinq üçün lazımi məlumatları toplayaraq “popap” pəncərələr vasitəsi ilə  kupon kodları təklif etməyə başlayıb və bu da startapa satışlarını artırmağa imkan yaradıb. Hazırda “Nextsale”in elektron ticarət saytlarında ziyarətçiləri real müştəriyə çevirən konversiya platforması olduğu vurğulanaraq startapın iştirak etdiyi uğurlu proqram və layihələr, eyni zamanda inkişaf mərhələləri barədə məlumatlar diqqətə çatdırılıb.
 
Tədbir zamanı ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyi, beynəlxalq bazara çıxış imkanları, daxili və xarici investisiyaların cəlb edilməsi, bu sahədə əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi diqqətə çatdırılıb. Eyni zamanda innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizn texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi məsələləri də müzakirə olunub.
 
Sonra yeni texnologiya əsaslı startapların böyüməsində və “Nextsale” startapı kimi bu cür qürurverici uğurlara imza atmasında Dövlət Agentliyinin rolu,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, tədbirlər və startapların inkişafına göstərilən dəstək alətləri, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
Xatırladaq ki, “Nextsale” startapının bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb. Şirkət 2 əsas sənaye yönümlü, “SaaS & Information Services” və “Healthcare IT & Services”də müstəsna idarəetmə qrupları ilə tərəfdaşdır. Eyni  zamanda 2 milyard dollardan çox kapitalı idarə edən artım firmasıdır.
 
“Nextsale” startapının əsası 2018-də qoyulub. 2020-ci ildə ilin startapı seçilən və bir sıra yerli, beynəlxalq mükafatlar qazanan “Nextsale” toxum investisiya mərhələsində ilk investisiyanı “SUP VC” tərəfindən əldə edib və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olub. Startap, həmçinin Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya Proqramının məzunudur.
“Nextsale” startapı “SUP VC”, “NCA”, “500 Startups” kimi akselerasiya proqramlarının təlimlərində, “TechCrunch Disrupt Berlin”, “Shopify Pursuit Amsterdam” kimi tədbirlərdə iştirak edib, “Entrepreneur” jurnalında yer alıb. Startap, həmçinin Qafqaz regionu ölkələri arasında keçirilən “500 Startups” proqramında 120 iştirakçı arasında 4 rəqib ilə birlikdə finalçı olub.
 
Hazırda startap komandası yeni bir məhsul olan Uvodo - onlayn satış etmək istəyən hər kəs üçün bütün verilənlər bazasının istifadəçisinin öz serverində saxladığı e-ticarət platforması üzərində işləyir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in rezidenti "500 Startups" Akselerasiya proqramına qoşulub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "500 Startups" Akselerasiya proqramına qəbul olub.

"500 Startups" daha çox ölkədən innovativ startapları əhatə dairəsinə qatmaq üçün Gürcüstanda akselerasiya proqramına başlayıb. "500 Georgia" proqramı qonşu ölkələrdən ən uğurlu startapları dəstəkləyir. Proqram müddətində "Nextsale" bir çox vacib mövzularda beynəlxalq mütəxəssislərdən böyük təcrübələr əldə etməyi hədəfləyir.

Qeyd edək ki, "500 Startups"ın Gürcüstanda başlatdığı akselerasiya proqramına Azərbaycandan qəbul edilən yeganə startap "Nextsale"dir.

Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti  "Botbox"​ tərəfindən regionda ilk dəfə doğma dilimizdə "COVID-19" ilə bağlı çatbot "WhatsApp" və "Facebook Messenger​" üzərindən istifadəyə verilib.

Çatbot 24/7 rejimində insan müdaxiləsinə ehtiyac olmadan vətəndaşlarımızı dünyada və ölkədə koronavirusla bağlı olan statistik məlumatlarla real zamanda tanış edir. Bu məlumatlar rəsmi qaynaqlardan APİ-lər vasitəsi ilə toplanır, WhatsApp və ya Facebook bildirişi şəklində təqdim olunur.

Həmçinin, Botbox çatbotu pandemiyadan qorunmaq üçün gündəlik diqqət olunması vacib sayılan məsləhətləri, məsafədən effektiv çalışmaq üçün faydalı olacaq internet resurslar haqqında məlumatları da əhalinin şəxsi və iş məqsədi ilə ən çox istifadə etdiyi iki tətbiq üzərindən onlarla bölüşür.

Qeyd edək ki, mesajlaşma və sosial şəbəkə tətbiqləri həyatımıza ən çox nüfüz edən rəqəmsal platformalar olduğundan, məhz bu tətbiqlər üzərindən böyük kütlə ilə kommunikasiya qurmaq çox effektiv sayılır. Buna görə də Dünya Səhiyyə Təşkilatı və Facebook tərəfindən birgə hazırlanmış COVID-19 ingilisdilli çatbotu bir neçə gün ərzində miliyonlarla insan tərəfindən istifadə edilib. 

Azərbaycan da regionun ən sürətli rəqəmsallaşan iqtisadiyyatlarından birinə sahib olan ölkə kimi innovativ texnologiyaların sosial və biznes yönümlü faydalarından yararlanmağı hər zaman aktual saxlamışdır.

Təsadüfi deyil ki, bu çatbotu ərsəyə gətirən ​Botbox startapı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin rezidentidir.

COVID-19 WhatsApp botu ​| ​Messenger botu üçün kliklə

 

Ətraflı oxu
innoland news image

Adam Draper ilə virtual reallıqda təlim təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və SUP Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirib.


Bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbir olub. Tədbir üç hissədən ibarət olub:

- Təlimin əsas hissəsi
- Sual və cavab
- Seçilmiş startaplar ilə üzbəüz sessiya

Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunub.
Adam Draper məhşur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin qurucusu və icraçı direktorudur.

Ətraflı oxu