Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirilən "Aquahack" onlayn hakaton yarışı başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack” 48 saat davam edib.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 30 komandadan “Arducoman” komandası ən yüksək bal toplayaraq qalib olub. 2-ci yerə "Aquahackermaks" layihəsi, 3-cü yerə isə "Satetlite" layihəsi layiq görülüb.
Qaliblər 5000, 3000 və 2000 AZN məbləğində mükafat qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və SUP Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirib.
Bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbir olub. Tədbir üç hissədən ibarət olub:
- Təlimin əsas hissəsi
- Sual və cavab
- Seçilmiş startaplar ilə üzbəüz sessiya
Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunub.
Adam Draper məhşur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin qurucusu və icraçı direktorudur.
8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb, bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.
Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.
Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib.
“INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.
Rezident startapımız "Taskool"un "Startup İnkubasiya Proqramı" Dünya Məktəbində uğurla yekunlaşıb!
Üç ay davam edən proqram çərçivəsində 100-dən artıq Dünya Məktəbi şagirdi innovasiya, sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib. Proqram "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "Taskool" və Dünya Məktəbi əməkdaşlığı ilə həyata keçirilib. Final mərhələsi: "Taskool Innovators Ideathon" “Təhsilin gələcəyini şagirdlər dizayn edir” şüarı ilə təşkil olunub. 43 şagirdin iştirak etdiyi və 10 komandanın yarışdığı təqdimat günündə şagirdlər süni intellekt əsaslı həllər, rəqəmsal platformalar, VR ilə öyrənmə və şagird rifahı kimi istiqamətlərdə innovativ ideyalarını təqdim ediblər. Bu təşəbbüs məktəblilərin real problemlərə innovativ həllər təqdim etmək potensialına malik gələcəyin təşəbbüskar liderləri və innovatorları olduğunu təsdiqləyib.