Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VolİnnovatiON” layihəsi çərçivəsində könüllülər "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində olublar.
Layihə çərçivəsində gənc könüllülərə "INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzi tərəfindən “İdeya generasiyası. Məqsədlər və sərhədlər” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara "İdeya nədir?", "İnnovativ ideya", "Korporativ innovasiya sistemi necə işləyir?" mövzuları ilə bağlı məlumat verilib.
Daha sonra iştirakçılar onlara innovativ düşünməyə və biliklərini artırmağa kömək edəcək strukturlaşdırılmış üsul olan "SCAMPER" əsasında vörkşopda iştirak ediblər.
“StartupFest 2019” çərçivəsində “Gələcək üçün bacarıqlar” mövzusunda panel sessiya təşkil olunub.
Bu panel Azərbaycanın yeni innovasiya ekosisteminin formalaşmasında təhsil müəssisələrinin rolunu əhatə edib. İştirakçılar tərəfindən ölkənin innovativ inkişafında təhsil və araşdırma fəaliyyətinin rolu, yeni bilik və bacarıqların formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Panel ərzində “Təhsil innovasiyanın əsas aləti kimi”, “Universitetlər innovativ inkişafın əsas katalizatoru rolunda”, “İnnovativ inkişaf və universitetlərin təsiri arasında mütənasiblik” mövzuları ətrafında müzakirələr edilib.
Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev, Avropa Startap Şəbəkəsinin layihə meneceri Adele Yaroulina, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Silicon Valley Technology Consulting Group”un təsisçi Teymur Sadıqov, “Mars Academy”nin icraçı direktoru Elnarə Nəbiyeva çıxış ediblər.
Sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Şəbnəm Məmmədova olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəvəti ilə regionun ən tanınmış sahibkarlarından biri, “Yemeksepeti.com”un qurucusu və keçmiş icraçı direktoru Nevzat Aydın ilə onlayn görüş keçirilib.
Görüşdə “INNOLAND” rezidentləri “Tada!” və “Enverson” startapları layihələrini təqdim ediblər. Müzakirələrdə əməkdaşlıq və investisiya imkanları dəyərləndirilib, növbəti mərhələdə əlaqələrin davam etdirilməsi planlaşdırılır.