Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçiriləcək. “Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutacaq. Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak edəcək. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.
Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.
Tədbir 10 oktyabr saat 15.00-da Gəncə Dövlət Universitetində keçiriləcək.
Biletləri buradan əldə edə bilərsiniz: https://startupgrindganja1.ticketsetup.com/az
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP (UNDP Azerbaijan) tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində SUP.VC şirkətinin təşkilatçılığı ilə Lənkəran şəhərində 3 gün davam edən aqrar sahə üzrə ideatonda iştirak edib.Tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edən “INNOLAND” nümayəndəsi tədbir iştirakçılarına Mərkəzin ümumi fəaliyyəti haqqında danışaraq, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaradılan fürsətlərlə bağlı məlumat verib.
“Ideathon on Agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər. Sonda qalib olan “İnnovet”, “Zəfər” və “Victory” komandaları üzvlərinə sertifikatlar təqdim olunub. İlk 2 yerin qalibləri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 3 aylıq inkubasiya xidməti keçmək şansı əldə ediblər.
Qeyd edək ki, aqrar sahə üzrə keçirilən müsabiqənin əsas məqsədi meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etmək olub.
İnkişaf yolunu "INNOLAND"də keçmiş "Polygraf AI" böyük uğura imza atdı!
Silkroad İnnovasiya Mərkəzinin təşkil etdiyi “Road to TechCrunch Battlefield 200” yarışmasının qalibi seçilən Polygraf AI, Mərkəzi Asiya, Qafqaz və Türkiyədən qoşulmuş 400-dən çox startap arasından fərqlənərək, birbaşa “TechCrunch 2025” finalına vəsiqə qazandı!
Bu nailiyyət şirkətin ardıcıl uğurlarının davamıdır. Belə ki, "Polygraf AI" daha öncə ABŞ-da keçirilən "SXSW Pitch və SummerFest Tech" yarışlarında da qalib olmuşdu.
Platforma təşkilatların məlumat təhlükəsizliyini qoruyur, deepfake səs və saxta məzmunu aşkarlayır, həmçinin məxfi məlumatların süni intellekt alətlərinə sızmasının qarşısını alır.
Komandanı səmimi qəlbdən təbrik edir, gələcəkdə daha böyük qələbələr arzulayırıq!
"NeecroLearn" intensiv təlim və oyun inkubasiya proqramının II mərhələsi çərçivəsində netvörkinq görüşləri davam edir. Bu dəfə proqram iştirakçıları qlobal oyun sənayesinin aparıcı şirkətlərindən biri olan "Xsolla"nın nümayəndəsi Nikita Yudin ilə görüşüblər. Görüş zamanı iştirakçılara "Xsolla"nın fəaliyyəti, oyun layihələrinin inkişafı, qlobal oyun sənayesində mövcud imkanlar və beynəlxalq bazarlara çıxış yolları haqqında məlumat verilib. Tədbir interaktiv müzakirə formatında keçirilib və iştirakçılar suallarını birbaşa şirkət nümayəndəsinə ünvanlandırıblar. INNOLAND olaraq gənclərin oyun sənayesində inkişafını və beynəlxalq ekosistemə inteqrasiyasını dəstəkləməyə davam edirik.