Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə keçirilən “Hackathon” başa çatıb.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.
İştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.
Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Cookit” və “ProGranate” komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak etmək üçün bilet əldə ediblər.
Gəncə şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
“StartupFest 2019” çərçivəsində “Gələcək üçün bacarıqlar” mövzusunda panel sessiya təşkil olunub.
Bu panel Azərbaycanın yeni innovasiya ekosisteminin formalaşmasında təhsil müəssisələrinin rolunu əhatə edib. İştirakçılar tərəfindən ölkənin innovativ inkişafında təhsil və araşdırma fəaliyyətinin rolu, yeni bilik və bacarıqların formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Panel ərzində “Təhsil innovasiyanın əsas aləti kimi”, “Universitetlər innovativ inkişafın əsas katalizatoru rolunda”, “İnnovativ inkişaf və universitetlərin təsiri arasında mütənasiblik” mövzuları ətrafında müzakirələr edilib.
Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev, Avropa Startap Şəbəkəsinin layihə meneceri Adele Yaroulina, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Silicon Valley Technology Consulting Group”un təsisçi Teymur Sadıqov, “Mars Academy”nin icraçı direktoru Elnarə Nəbiyeva çıxış ediblər.
Sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Şəbnəm Məmmədova olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
1 milyon dollarlıq mükafat fondu sizi gözləyir!
"INNOLAND"in tərəfdaşlığı ilə keçirilən "DIGITAL STARTUP AWARDS" Özbəkistan beynəlxalq müsabiqəsinə qeydiyyat başlayıb!
"Digital Startup Awards" Orta Asiya, Qafqaz və Monqolustan regionlarında innovasiya və startap ekosistemlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən beynəlxalq müsabiqə və inkişaf proqramıdır.
Azərbaycanlı startaplar üçün 3 möhtəşəm istiqamət üzrə iştirak imkanı var:
Ən yaxşı startap layihəsi
Seed / Series A mərhələsində olan, rəsmi qeydiyyatdan keçmiş startaplar
Akselerasiya proqramı
Ən azı 3 aylıq satışı olan startaplar.
Sentyabr-dekabr aylarında xərcləri qarşılanmaq şərti ilə minimum 1 nəfərin iştirakı vacibdir
İnkubasiya proqramı
MVP və ya işlək prototip
Rəsmi qeydiyyat tələb olunur
Qaliblər böyük imkanlar və qlobal səviyyədə tanınma imkanı əldə edəcək!
Ətraflı və qeydiyyat: startupbase.uz/en/digital-startup-awards