230 gəncin iştirakı ilə V “TUSİ” inkubasiya proqramına start verildi!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində V “TUSİ” inkubasiya proqramına start verilib.
Proqramın ilk günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Açılış tədbirində 230-a yaxın gəncin iştirakı qeydə alınıb.
Proqram çərçivəsində ilk təlim “Fikrin inkişaf etdirilməsi və təsdiqlənməsi” mövzusunda təşkil olunub. Təlim zamanı iştirakçılara ideyaların formalaşdırılması, inkişaf potensialının qiymətləndirilməsi, düzgün istiqamətin müəyyənləşdirilməsi və ilkin mərhələdə yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib.
Proqramın əsas məqsədi iştirakçıların startap ideyalarını inkişaf etdirərək bazara çıxarıla biləcək səviyyəyə çatdırmaq, eyni zamanda onları mentorluq, ekspert dəstəyi və şəbəkələşmə imkanları ilə təmin etməkdir.
V “TUSİ” inkubasiya proqramına layihənin veb platforması vasitəsilə 600 nəfər qeydiyyatdan keçib. Seçilmiş iştirakçılar 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramına cəlb olunacaqlar.
“Gələcək üçün bacarıqlar” layihəsi innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, gənclərin ideyalarının inkişafına dəstək göstərilməsi və onların ölkənin texnoloji inkişafına töhfə verəcək istiqamətlərə yönləndirilməsini hədəfləyir.