23 Sentyabr, 2026

Azərbaycan startapları "CEME" beynəlxalq akselerasiya proqramına qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.
 
Astana Hub tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Proqramda iştirak edən Azərbaycan startapları “Park Hub Baku” və “Floume AI” texnoloji həllərini beynəlxalq bazarda inkişaf etdirmək və yeni biznes əlaqələri qurmaq istiqamətində fəaliyyət göstərəcəklər.
 
“Park Hub Baku" müxtəlif parklanma məntəqələrini vahid mobil tətbiq və abunə modeli altında birləşdirən texnoloji platformadır. İstifadəçilər bir abunə vasitəsilə tərəfdaş parklanma məntəqələrindən yararlana, ehtiyaclarına uyğun plan seçə və tətbiq üzərindən mövcud parklanma yerlərini tapa bilirlər. Platformanın əsas məqsədi sürücülərin parklanma zamanı vaxt və xərclərini azaltmaq, eləcə də parklanma operatorlarının mövcud yerlərdən daha səmərəli istifadəsini təmin etməkdir. “CEME” proqramı çərçivəsində “Park Hub Baku” öz təcrübəsini Qazaxıstan bazarında genişləndirmək və Almatının şəhər infrastrukturu ilə bağlı ehtiyaclarını araşdırmaq imkanına malik olacaq.
 
“Floume AI” müxtəlif hədiyyə təkliflərini vahid platformada birləşdirən, süni intellekt dəstəkli onlayn marketplace-dir. İstifadəçilər büdcə və seçimlərini daxil etməklə süni intellekt vasitəsilə uyğun gül buketi və ya hədiyyə tapa, müxtəlif mağazaların məhsul və qiymətlərini müqayisə edə, sifariş verə və çatdırılmanı izləyə bilirlər. Hazırda 50-dən çox tərəfdaş mağaza ilə əməkdaşlıq edən platforma 10 mindən çox hədiyyənin çatdırılmasını həyata keçirib. “CEME” proqramında iştirak “Floume AI” üçün Qazaxıstan bazarında yeni müştəri və tərəfdaşlarla əlaqələr qurmaq, həmçinin platformanın inkişaf imkanlarını araşdırmaq baxımından əhəmiyyətli mərhələdir.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNOLAND”in tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb

Bakı şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi, Tatarıstanın Gənclər Nazirliyi və “Selet” Tatarıstan Gənclər Hərəkatının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb.

Qəbul üçün müraciət etmiş yüzlərlə layihə arasından seçilən 44 ölkədən 200-ə yaxın gənc startap müəlliflərinin iştirakı ilə baş tutan açılış mərasimində Tatarıstanın Gənclər Naziri Dəmir Fəttahov, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev və Rusiya Federasiyasının Gənclik Məsələləri üzrə Federal Agentliyin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tatyana Seliverstova çıxış ediblər. Elməddin Mehdiyev öz çıxışında artıq 6-cısı keçirilən Foruma 5 il ərzində 10 mindən çox biznes layihəsinin iştirak üçün müraciət etdiyini, 800-dən artıq layihə müəllifinə müvafiq təlimlərin verildiyini və Forumun məzunları arasında beynəlxalq investorlar tərəfindən hər biri 1 milyon ABŞ dollarından artıq investisiya almış uğurlu startapların olduğunu və onlar arasında azərbaycanlı startap müəlliflərinin də yer aldığını bildirib.

İƏT üzv ölkələrinin və qeyri-üzv dövlətlərdəki müsəlman icmaların gənc startapçılarına layihələrinin inkişaf etdirilməsi və beynəlxalq investorlara təqdim edilməsi üçün dəstək göstərilməsini nəzərdə tutan Forum 2015-ci ildən etibarən Tatarstan Respublikası hökumətinin tərəfdaşlığı ilə Kazan şəhərində təşkil edilir. Dünyada davam edən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində təşkilatçıların birgə qərarı ilə forumun builki mərhələsi onlayn formatda keçirilir. Əsasən İƏT üzv ölkələrindən olmaqla, ABŞ, Rusiya, Almaniya, İsveç, Birləşmiş Krallıq və Cənubi Koreya kimi qeyri-üzv dövlətlərdən də seçilmiş gənclər 8 həftə davam edəcək onlayn təlimlərdə iştirak edəcək və sentyabr ayında keçirilməsi nəzərdə tutulan layihənin yekun mərhələsində öz layihələrini beynəlxalq investorlara təqdim etmək üçün yarışacaqlar.

Təlimlər startap sahəsində təcrübəli beynəlxalq mütəxəsislər tərəfindən keçiriləcəkdir. Müraciət edən layihələri forumda iştirak üçün seçən jüri nümayəndəsi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla İş üzrə Şöbə müdiri Tengiz Ağakişiyev Forumda iştirak edən startaplar arasında olduqca maraqlı və gələcək vəd edən layihələrin olduğunu bildirib.

Ətraflı oxu
innoland news image

V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.

"Gələcək üçün bacarıqlar" layihəmizin V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.

Təlim zamanı iştirakçılar ideyaların hüquqi qorunması, əqli mülkiyyət hüquqları, patentləşdirmə prosesi və innovativ məhsulların qorunma mexanizmləri barədə ətraflı məlumat əldə etdilər. 

Ətraflı oxu
innoland news image

 Qeydiyyat üçün sayılı günlər qaldı! “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsində yerini indi tut!

 Qeydiyyat üçün sayılı günlər qaldı! “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsində yerini indi tut!

 Oyun dizaynı, proqramlaşdırma və marketinq sahəsində bacarıqlarını sınamaq, real layihələrdə iştirak edib peşəkarlarla işləmək fürsətini qaçırma!

Qeydiyyat: forms.gle/aVtVRL7Ah966Yrm18

Son tarix: 31 oktyabr

Ətraflı oxu